Pakistan Bakıda aparılacaq qlobal müzakirələrdə daha çox iqlim maliyyəsi ayrılmasına tərəfdar olacaq
İslamabad, 28 oktyabr, Hilal Əhməd, AZƏRTAC
Pakistan Bakıda aparılacaq qlobal müzakirələrdə daha çox iqlim maliyyəsi ayrılmasına tərəfdar olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam İslamabadda “PreCOP29 dialoq: Dubaydan Bakıya yol” adlı birgünlük tədbirdə çıxışı zamanı deyib. O, Pakistanın COP29 zamanı güclü mövqe ortaya qoyacağını bildirərək, bu danışıqlarda əsas diqqətin iqlim maliyyəsi, uyğunlaşma və dayanıqlıq kimi bir neçə məsələyə yönələcəyini vurğulayıb.
Romina Xurşud Alam Pakistanın iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə, xüsusilə də qlobal emissiyalara minimal töhfə verməsinə baxmayaraq, qeyri-mütənasib şəkildə təsirlənən ölkələrdə itki və zərərin aradan qaldırılması üçün mexanizmlərə ehtiyac olduğunu söyləyib.
Tədbirdə çıxış edən Pakistanın İqlim dəyişiklikləri və ətraf mühitin koordinasiyası üzrə katibi Ayşa Humera Moriani ölkənin bir sıra digər həssas dövlətlər kimi, baş verən fəlakətin ağır yükünü daşıdığını vurğulayıb. O, 2022-ci ildə Pakistanda baş vermiş daşqından 33 milyon insanın zərər çəkdiyini xatırladıb.
Dialoq zamanı hökumət rəsmiləri bildiriblər ki, Bakıda keçiriləcək COP29-dan müsbət nəticələr gözləyirlər.