Pakistan Milli Müasir Dillər Universitetində “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Pakistanın Müasir Dillər Universitetində faciənin 20 illiyinə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, seminarın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyasına dəstək verməkdir.
Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Müasir Dillər, Preston, Milli Müdafiə, Qaide Azam, Fatma Cinnah, Zülfüqar Əli Bhutto universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri professor Z.A.Qureşi seminar iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bölgəyə ermənilərin köçürülmə tarixi barədə məlumat vermişdir. O, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Dağlıq Qarabağla yanaşı, Azərbaycanın daha 7 rayonunun zəbt edildiyini vurğulamış, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin düşdüyünü, 20 min insanın isə öldürüldüyünü bildirmişdir. Z.A.Qureşi 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktının bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırmışdır.
Fatimə Cinnah Universitetinin müdafiə və diplomatik tədqiqatları fakültəsinin dekanı, professor Sayma Kayani Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini demişdir. O, insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirmişdir. S.Kayani soyqırımın fəal iştirakçılarından biri olan Ermənistan prezidenti S.Sarkisyanın dediyi - “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmamağımız haqqında stereotipi qırdıq” sözlərini buna sübut kimi səsləndirmişdir.
Tədbirdə çıxış edən “Balochistan Today” qəzetinin baş redaktoru Yar Məhəmməd Badini Xocalıda dinc əhaliyə qarşı ermənilərin törətdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu bildirmişdir. O, Xocalı dəhşətlərinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, İngiltərə, Fransa, Rusiya, Türkiyə və Pakistan mediasından sitatlar gətirmişdir. Baş redaktor Xocalı faciəsi qurbanlarının ailələrinə təzminat ödənilməsi üçün dünya birliyini Ermənistana təzyiq göstərməyə çağırmışdır.
Milli Müdafiə Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı, professor Məhəmməd Xan Xocalıda baş vermiş faciədə insanların milli mənsubiyyətinə görə məhv edildiyini bildirmiş və məhz buna görə də həmin hadisələrin soyqırımı aktı olduğunu diqqətə çatdırmışdır.
Seminarda çıxış edən Milli Müasir Dillər Universitetinin rektoru, general Masud Hasan mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd etmişdir. O, Ermənistan dövləti tərəfindən Xocalı qurbanlarının ailələrinə təzminat ödənilməsinin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarov Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir. Səfir bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulamışdır. D.Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsinə görə bir daha minnətdarlığını bildirmişdir.
Səfir seminar iştirakçılarının suallarını cavablandırmışdır.