Pakistanda Çin şirkətinin inşa etdiyi nüvə reaktoru fəaliyyətə başlayıb VİDEO
Pekin, 19 aprel, AZƏRTAC
Çin Milli Nüvə Korporasiyasının (CNNC) inşa etdiyi “Hualong 1” reaktoru Kəraçi atom elektrik stansiyasında (AES) fəaliyyətə başlayıb.
AZƏRTAC Çin Milli Nüvə Korporasiyasının məlumatına istinadla xəbər verir ki, Kəraçi AES dünyada 3-cü nəsil “Hualong 1” reaktorunun istifadəyə verildiyi dördüncü atom elektrik stansiyasıdır.
Çin şirkətinin Kəraçi AES-də daha əvvəl inşa etdiyi digər “Hualong 1” reaktoru kimi bu reaktor da 1100 meqavat gücündədir və ildə 10 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək. Bu da təxminən 4 milyon ailənin elektrik enerjisi tələbatı deməkdir.
Qeyd edək ki, Kəraçi “Hualong 1” reaktorlarının xaricdə inşa edildiyi ilk AES-dir. Reaktorun inşası 2016-cı ildə başlayıb və ötən ay ümumi elektrik şəbəkəsinə qoşulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin