Pakistanda zorakı ekstremizmlə mübarizədə qadınların roluna həsr olunmuş seminar keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM), Pakistanın Dini İşlər və İnanclararası Harmoniya Nazirliyinin və Pakistan Gənclərə Dəstək Şəbəkəsinin təşkilatçılığı ilə “Zorakı ekstremizmə qarşı mübarizədə gənc qadınların və qızların rolu” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müsəlman ölkələrində gənc qadın və qızların XXI əsrdə artmaqda olan ekstremizmlə mübarizədə rolunun gücləndirilməsinə nail olmaq, onların təhsil hüquqlarının genişləndirilməsinə töhfə vermək, eləcə də ekstremist təşkilatlara qoşulmasının qarşısını almaq, bu istiqamətdə konkret mexanizmləri araşdırmaqdır.
Seminarın açılışında çıxış edən Pakistanın Dini İşlər üzrə naziri Pir Nur Ul Haq Qədri, İƏGF-ARM-nin baş direktoru Elməddin Mehdiyev və Mərkəzin idarə heyətinin pakistanlı üzvü Fsahat Ul Hassan beynəlxalq tədbirin praktik xarakter daşıyacağına, burada ekstremizmlə mübarizədə əməli təkliflərin irəli sürüləcəyinə ümid etdiklərini bildiriblər.
Seminar işini panel sessiyalar ilə davam etdirib. Sessiyalarda iştirakçılar müxtəlif müsəlman ölkələrində ekstremizm və terrorla mübarizədə qadınların fəaliyyəti ilə bağlı təcrübə və ideya mübadiləsi, o cümlədən İƏT məkanında, xüsusilə Kəşmir, Xocalı və Rohincada baş vermiş humanitar faciələrin qurbanları olan gənc qadın və qızlarla bağlı müzakirələr aparıblar.
Birləşmiş Krallığın Ekstremizmlə Mübarizə Komissiyasının baş siyasi məsləhətçisi Sara Ratore, Pakistan Senatının üzvü, senator Sehar Kamran, gənc azərbaycanlı ekspertlər - Şücaət Əhmədzadə və Aygün Bayramova sessiyalarda çıxış ediblər.
Tədbir çərçivəsində İƏGF-ARM-in baş direktoru Elməddin Mehdiyev İslam Əməkdaşlığı Gənclər Forumunun və onun Avrasiya Regional Mərkəzinin həyata keçirdiyi mühüm layihələr haqqında Pakistanın Dini İşlər üzrə naziri Pir Nur Ul Haq Qədriyə məlumat verib.