PAKİSTANIN NÜFUZLU JURNALLARI AZƏRBAYCANDAN YAZIR
Şumer-Akkat dövründən üzü bəri xalqımızın formalaşması, dilimizin və mədəniyyətimizin inkişafının mərhələləri, Azərbaycanın cənubunda və şimalında müxtəlif dövrlərdə mövcud olan dövlət qurumları, 16-cı əsrin əvvəllərində bütün Azərbaycanı özündə birləşdirən Səfəvilər dövlətinin yaranması, sonralar Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə İran və Rusiya arasında bölüşdürülməsi, 20-ci əsrin əvvəllərində Azərbaycanın şimalında Azərbaycan Demokratik Cümhuriyyəti, cənubunda isə Səttərxan, Şeyx Məhəmməd Xiyabanı hərəkatları, milli hökumət qurulması məsələləri məqalədə öz əksini tapmışdır.
Azərbaycanın yenidən öz istiqlalına qovuşması, xalqımızın ümummilli lideri Heydər Əliyevin 10 ildən artıq respublikamıza rəhbərlik etməsi və nəhayət 2003-cü il oktyabrın 15-də ölkəmizdə keçirilən prezident seçkiləri burada geniş əks olunmuş, Prezident İlham Əliyevin bioqrafiyası və onun xalqla görüşlərini əks etdirən fotoşəkillər dərc edilmişdir.
Azərbaycana həsr olunmuş materiallar içərisində xalq şairi Bəxtiyar Vahabzadənin fotoşəkili, həyatı və yaradıcılığı haqqında məlumat və şairin “Mən babamdan yaşlıyam” şeri də vardır. Yazıda Azərbaycan Milli Məclisinin deputatı, professor Bəxtiyar Vahabzadə azadlıq və mübarizə şairi, görkəmli dramaturq, filosof və vətəndaş kimi xarakterizə olunmuşdur.
Jurnalın bundan əvvəlki nömrəsində də İlham Əliyevin Azərbaycanın prezidenti seçilməsi və fəaliyyətə başlaması ilə əlaqədar fotoşəkillərlə müşayət olunan “Nəsillərin dəyişməsi” adlı maraqlı məqalə çap edilmişdir.
Pakistanın tanınmış “Voice” (Səs) jurnalının son nömrəsində də Prezident İlham Əliyevin və Prezident Pərviz Müşərrəfin, ölkələrimizin dövlət bayraqlarının şəkilləri verilmiş xüsusi səhifələrdə respublikamız və dövlətimizin başçısı haqqında dolğun məlumatlar dərc edilmişdir. Jurnalın üz qabığında “Azərbaycana məhəbbətlə” rubrikası ilə Prezidentin fotoşəkli verilmişdir.
Ölkəmiz haqqında materialları həmin jurnallara Azərbaycanın İslamabaddakı səfirliyi təqdim etmişdir.