Pakistanın Sind əyalətinin Baş naziri: Azərbaycanla əməkdaşlığa hazırıq
İslamabad, 16 noyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Sind əyalətinə səfəri zamanı Kəraçi şəhərində əyalətin Baş naziri Seyid Murad Əli Şah ilə görüşüb.
Görüşdə Əli Əlizadə Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hər iki ölkənin əyalətlərinə də sirayət etdiyini və bu əlaqələrin inkişafının zəruri olduğunu bildirib. Hər iki ölkənin bir-birinə göstərdiyi dəstəyin önəmini vurğulayan səfir 2011-ci ildə Pakistanda, o cümlədən Sind əyalətində baş vermiş daşqınlar zamanı Azərbaycanın Pakistanın yanında olduğunu və öz qardaşlıq köməyini göstərdiyini xatırladıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində həyata keçirilən sosial-humanitar layihələr haqqında məlumat verən səfir belə layihələrin xalqlarımız arasında dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirdiyini qeyd edib. Bu il noyabrın 9-dan 12-dək Kəraçidə keçirilən ticari-iqtisadi yönümlü sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini bildirən Ə.Əlizadə Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait haqqında məlumat verib. O, Pakistanın Sind əyaləti ilə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində iş adamlarının geniş imkanlarının olduğunu qeyd edib.
Əyalətin Baş naziri Seyid Murad Əli Şah Azərbaycan-Pakistan əlaqələrinin inkişafından məmnun olduğunu bildirib, Sind əyalətinin də Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. O, əlaqələrin inkişafı üçün əyalətin imkanları haqqında məlumat verib, azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən ticari-iqtisadi, xüsusən alternativ enerji layihələrində iştiraka dəvət edib.
Səfir Sind əyalətinə səfəri zamanı, həmçinin Kəraçi şəhərinin meri Vasim Axtar, Türkiyənin bu şəhərdəki baş konsulu Murat Mustafa Onart, Pakistan “Herald Publications Limited” şirkətinin və “Dawn” Qəzetlər Qrupunun rəhbəri Həmid Harunla da görüşlər keçirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad