“PAMBIQÇILIQ HAQQINDA” QANUNUN QƏBULU SƏRMAYƏDARLARIN BU SAHƏYƏ MARAĞINI ARTIRA BİLƏR
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir.
Komitənin sədri Eldar İbrahimov demişdir ki, iclasda “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi birinci oxunuşda müzakirə ediləcəkdir.
Keçmiş Sovet İttifaqı dövründə ölkəmizdə 1 milyon tona yaxın pambığın istehsal olunduğunu deyən E.İbrahimov bildirmişdir ki, bu göstərici ötən il təqribən 50 min tona, bu il isə 30 min tona düşmüşdür. Strateji məhsul olan pambığın istehsalının yenidən artımına nail olmaq üçün “Pambıqçılıq haqqında” Qanunun qəbul edilməsi vacibdir. Qanunvericilik bazasının yaradılması xarici və yerli sərmayədarların aqrar sektorun bu sahəsinə olan marağını artıra bilər. Artıq bizim üzümçülük sahəsində belə bir təcrübəmiz vardır. Bir ildən artıqdır hazırlanan qanun layihəsi 8 fəsil və 27 maddədən ibarətdir.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov qanun layihəsi barədə ətraflı məlumat vermişdir. Demişdir ki, layihə müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə birgə, pambıq emalı müəssisələrinin nümayəndələrinin və fermerlərin fikirləri nəzərə alınmaqla hazırlanmışdır. Qanunun məqsədi dövlət proqramları əsasında ölkədə pambıqçılığın, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilatı və iqtisadi zəmin yaratmaqdır.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Azərbaycan dövlətinin aqrar sektora olan diqqət və qayğısından danışmışdır. O bildirmişdir ki, hər il pambıq istehsalçılarına bir hektar üçün dövlət tərəfindən 40 manat subsidiya verilir. Azərbaycan pambıqçılıq sahəsində dünyada 72 əsas ölkədən biri sayılır.
İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, pambıq emalı müəssisələrinin mütəxəssisləri layihə ilə bağlı fikirlərini bildirmişlər.
Belə bir qanunun qəbulunun pambıqçılıq sahəsində istehsalçılar və emal müəssisələri arasında münasibətlərin hüquqi cəhətdən formalaşmasına və ümumilikdə bu sahənin inkişafına kömək edəcəyi bildirilmişdir.
Qanun layihəsinə düzəlişlərlə bağlı təkliflər səslənmişdir.
Təklif olunan bəzi düzəlişlər komitə tərəfindən məqbul hesab edilmişdir. Təkliflər nəzərə alınmaqla “Pambıqçılıq haqqında” qanun layihəsinin parlamentin geniş iclasında müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.