Pandemiyadan irəli gələn şərtlərə baxmayaraq Türkiyə iqtisadiyyatı bərpa prosesini uğurla həyata keçirir
İstanbul, 29 avqust, AZƏRTAC
Pandemiyadan irəli gələn şərtlərə baxmayaraq Türkiyə iqtisadiyyatı bərpa prosesini uğurla həyata keçirir. Bu dövr ərzində nə özəl, nə də dövlət sektorları ölkəyə qoyulan sərmayələrini dayandırmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Texnologiyaya yönəlmiş sənaye: MESS Texnologiya Mərkəzi və 40 fabrikin açılış mərasimində deyib.
Ölkə başçısı deyib: “Pandemiya bəzi çətinliklərlə bərabər, Türkiyənin iş dünyası üçün yeni fürsətlərin açılmasına da səbəb oldu. Sənaye, istehsal gücü, ixtisaslı işçi qüvvəsi, coğrafi mövqeyi baxımından Türkiyə dünyanın qabaqcıl ölkələrindən biridir. Pandemiya dövründə bir çox şirkət əvvəllər mövcud olmadıqları ölkələrə və bölgələrə açılım fürsəti əldə edib. Ölkənin milli gəliri 238 milyard dollardan 754 milyard dollara yüksəlib. Türkiyənin texnoparklarında istehsal olunan texnoloji məhsulların ixracatı 4.8 milyard dollara qədər artıb. Türkiyəni dünyanın istehsalat və texnologiya mərkəzinə çevirməyə qərarlıyıq”.
Qeyd edək ki, 200 milyon Türkiyə lirəsi məbləğində sərmayə ilə reallaşdırılan MESS Texnologiya Mərkəzində ildə 40 min adama 400 min saat pulsuz təhsil verilməsi nəzərdə tutulur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul