Paracüdo üzrə Avropa çempionatında iştirak etmiş milli komandamızın üzvləri ilə görüş olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) İtaliyanın Kalyari şəhərindəki paracüdo üzrə Avropa çempionatında iştirak etmiş milli komandamızın üzvləri ilə görüş olub.
AMPK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitənin prezidenti İlqar Rəhimov yarışın komanda üçün uğurlu olduğunu bildirib və yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib.
Növbəti Yay Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan İ.Rəhimov qeyd edib ki, Azərbaycan paracüdoçuları Tokioda medal sayı və əyarına görə birinci olublar. Əsas məqsəd qarşıdan gələn yarışlara səmərəli hazırlaşaraq, orada da parlaq qələbələr əldə edib, “Paris-2024” Yay Paralimpiya Oyunlarında Tokiodakı nəticəni təkrarlamaqdır.
Eyni zamanda İ.Rəhimov bu ilin noyabrında Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının idmançılar üçün böyük sınaq olduğunu, doğma divarlar arasında yüksək nəticələr əldə ediləcəyinə əminliyini bildirib.
Sonda Tokio Paralimpiadasının qalibi olan paracüdoçulara Təşkilat Komitəsinin hədiyə etdiyi “backnumber”lər təqdim olunub.
Qeyd edək ki, görüşdə AMPK-nın vitse-prezidenti İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev, "2022 IBSA Judo World Championships" Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov və “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının qalib paracüdoçuları iştirak ediblər.