DÜNYA
“Paris-2024”: Olimpiya kəndində qidanın az olması yenidən gündəmə gəlib
Paris, 3 avqust, AZƏRTAC
“Paris-2024” Olimpiya Oyunlarına qatılmış idmançılar Olimpiya kəndində qidanın miqdarının, həmçinin məhsulların tərkibində zülalın olmamasından narazılıqlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, “Le Figaro”da dərc olunan “Olimpiya kəndində idmançılar ac qalırlar” sərlövhəli məqalədə qidalanmanın idmançıların performansı üçün vacib rolu diqqətə çatdırılaraq, qastronomiya diyarı hesab olunan ölkədə Olimpiya kəndinin mətbəxinin tənqidlərlə qarşılaşdığı vurğulanıb.
Bildirilib ki, müxtəlif ölkələrin idmançıları Olimpiya kəndindəki menyulardan müntəzəm olaraq şikayətləniblər. Porsiyaların çox az olması, ətin kifayət qədər bişirilməməsi, heyvan zülalının çatışmazlığı, çox uzun növbələrdən şikayətlər və narazılıqlar sosial şəbəkələrdə geniş yayılıb. “Problem ərzağın çatışmazlığıdır. Bu, çox təəccüblüdür”, - deyə üzgüçü Julio Horreqo bildirib. Gündəlik 5000 kaloriyə ehtiyacı olan honduraslı idmançı səhər yeməyində yumurta tapmadığı üçün şoka düşüb.
Alman xokkeyçiləri yeməklərin keyfiyyətindən məyus olmaqla bərabər, pik saatlarda həddindən artıq uzun növbə olmasından şikayətlənirlər.
Amerikalı gimnastika ulduzu Simone Biles Olimpiya kəndi mətbəxinin keyfiyyəti ilə bağlı son nöqtəni qoyub. Fərdi çoxnövçülük yarışında qızıl medalın sahibi mətbəxdə yeməklərin keyfiyyətsiz olduğunu bildirib.
İlk gündən yumurta çatışmazlığından və toyuq ətinin yaxşı bişməməsindən şikayətlənən Britaniya idmançıları tənqidlərlə kifayətlənməyib, Olimpiya kəndinin mətbəxini boykot ediblər.
Qeyd edilib ki, burada idmançıların karyeraları həll olunur. Olimpiya kəndinin restoranında isti yeməklərin 33 faizi bitki mənşəlidir. Onlar daha çox vacib olan heyvan mənşəli zülallar, yumurta və ət tələb edirlər. İdmançıların həyatının həlledici vaxtında onların pəhrizini dəyişməyin vaxtı deyil.