MƏDƏNİYYƏT
Parisdə keçirilən caz festivalında ölkəmiz uğurla təmsil olunub
Paris, 28 may, AZƏRTAC
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə tanınmış pianoçu və bəstəkar Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Amerika-Mavriki caz triosu Parisdə “XVI Sen-Jermen-de-Pre” caz festivalında çıxış edib.
Cazsevərlər “Elçin Şirinov Trio”sunun ifasında gənc cazmenin aranjemanında Azərbaycan xalq mahnıları “Durna”, “Sarı gəlin” və “Gül açdı”, eləcə də musiqiçinin “Həsrət”, “İlham pərisi” kimi kompozisiyalarını dinləyiblər. Tamaşaçılar Azərbaycanın milli musiqisi ilə Amerika və Qərb caz sənətinin incə, ritmik çalarlarının ahəngli sintezindən ibarət möhtəşəm konsert proqramından sonra zalı tərk etmək istəmir, sürəkli alqışlarla cazmenin yeni ifalarını istəyiblər.
Böyük maraqla qarşılanan musiqi proqramında Elçin Şirinovu Linli Mart (bass) və Erik Arland (zərb alətləri) müşayiət ediblər.
“Paris XVI Sen -Jermen-de-Pre” caz festivalının bədii direktoru Frederik Şarbo AZƏRTAC-a müsahibəsində deyib: “Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) əməkdaşı Ulker Mullerin sayəsində Azərbaycan cazmenlərini tanıdıq. Artıq üç ildir ki, biz festival çərçivəsində azərbaycanlı musiqiçilərlə əməkdaşlıq edirik. Ötən illərdə İsfar Sarabski (2014), Emil Əfrasiyab (2015), bu il isə Elçin Şirinov festivalda çıxış edib. Bu axşam Elçin Şirinovun triosu müxtəlif ölkələrdən gələn musiqiçilər idi. Bu, onu göstərir ki, musiqinin sərhəddi yoxdur. Azərbaycan musiqisi çox gözəldir”.
Festivalın bədii direktoru Azərbaycan caz-muğamının banisi Vaqif Mustafazadənin qeyri-adi istedadından söz açıb.
“Bonsai Music”in caz prodüseri Alen Kasimatis Azərbaycan caz musiqisi haqqında bunları deyib: “TEAS-ın sayəsində biz son illər Azərbaycan caz musiqisi ifaçılarını tanımağa başlamışıq. Bu gün Azərbaycan muğamına, caz musiqisinə və onun ifaçılarının istedadına heyran qaldım. Musiqinizdə həm romantizm, həm də Şərq və Qərb caz musiqisinin təsirləri duyulur. Caz-muğam musiqisinin strukturu çox çətindir. Azərbaycanlı musiqiçilərin ifası ecazkardır”.
Alen Kasimatis azərbaycanlı cazmenlərlə əməkdaşlıq etmək və birgə işləmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmiz artıq üçüncü ildir “Paris Sen -Jermen-de-Pre” caz festivalında təmsil olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris