Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək
Bakı, 5 fevral, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyasının ikinci mərhələsi başlayır və proses 9 region üzrə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov məlumat verib.
Onun sözlərinə görə, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrini əhatə edəcək, ilin sonunda isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Musiqi və incəsənət məktəblərində, eləcə də mərkəzlərdə çalışan pedaqoji heyətin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Ümumilikdə təxminən 8 min müəllimin prosesə cəlb ediləcəyi gözlənilir.
“Attestasiyalar Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının bazasında təşkil olunacaq. Bunun üçün zəruri şərait yaradılıb, şəffaflığın təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, səs yazısı aparılacaq, komissiya üzvləri isə həmin mərkəzdə fəaliyyət göstərəcək. Müəllimlər müvafiq attestasiya proqramları üzrə qiymətləndiriləcək”, - deyə o əlavə edib.
Direktor müavininin sözlərinə görə, attestasiya fevralın 10-dan Mərkəzi Aran bölgəsindən başlayacaq. Prosesin iyul ayınadək yekunlaşdırılması planlaşdırılır.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında attestasiya ilin sonunda keçiriləcək və bu, 9-cu region üzrə yekun mərhələ olacaq.
“İl ərzində bütün bölgələr üzrə proses tam başa çatacaq. Müxtəlif üzrlü səbəblərdən gələ bilməyən müəllimlərin attestasiyası isə ilin sonunadək təşkil olunacaq”,– deyə direktor müavini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [12:47]
Ekspert Şurasının növbəti iclası keçirilib
- 05.02.2026 [12:20]
Mərcan gözlü Batabatın qış nağılı VİDEO
- 05.02.2026 [12:00]