PARİSDƏ NƏŞR OLUNMUŞ KİTABDA AZƏRBAYCANLA BAĞLI SƏHİFƏLƏR VARDIR
Parisin “Bernar Qrase” nəşriyyatı tanınmış sovetşünas, “Beynəlxalq məktublar” jurnalının redaktoru Aleksandr Adlerin “Köhnə dünyanın sonunu gördüm” kitabını kütləvi tirajla çap etmişdir. Son dövrlərdə müsəlman ölkələrində cərəyan edən ictimai-siyasi hadisələrin publisistik təhlilinə həsr olunmuş kitabda ölkəmizlə də bağlı maraqlı səhifələr vardır. “Köhnə dünyanın sonunu gördüm” kitabının əvvəlində Sovet ittifaqının keçmiş müsəlman respublikalarından biri olan Azərbaycanın SSRİ-nin süqutundan sonra qarşılaşdığı çətinliklər, “dünyanın böyük və istedadlı siyasətçisi, bu günün əfsanəsi Heydər Əliyevin” ölkəmizi böhranlı vəziyyətdən çıxarması, sabitliyi bərpa etməsi, hüquqi dövlət qurması və demokratik islahatları həyata keçirməsi öz əksini tapmışdır.
Əhalisi müsəlmanlardan ibarət digər ölkələrlə müqayisədə respublikamızın elm, təhsil, səhiyyə, incəsənət və başqa sahələrdə inkişaf etdiyini, qabaqcıl Avropa ölkələrindən heç də geri qalmadığını bildirən müəllif yazır: “Azərbaycan qeyri-adi bir ölkədir. Bu, yeganə müsəlman ölkədir ki, əhalisinin 75 faizini şəhərlilər təşkil edir. Bu, adambaşına düşən həkimlərin sayına görə Fransa ilə eyni yerdə duran yeganə müsəlman ölkəsidir. Moskvadan əvvəl Bakıda tramvay işə salınmışdır”. Müsəlman dünyasının ən böyük sənaye və fəhlə ölkəsi Azərbaycandır. Azərbaycanın Türkiyənin bu günə qədər malik olmadığı yüksək texnikası vardır”.
Daha sonra müəllif ölkəmizin iqtisadiyyatında neftin əsas rol oynadığını açıqlamış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini göstərmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan müəllif münaqişənin tarixi köklərini araşdırmadan subyektiv fikirlər söyləsə də, Rusiyanın hərbi qüvvələrini ərazisində yerləşdirmiş Ermənistanı “müharibəyə son qoymağa” çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris