Parlamentin Səhiyyə komitəsi daha iki qanun layihəsini plenar iclasa tövsiyə edib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. Qeyd edib ki, bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuş olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci məsələ barədə məlumat verib.
Bildirilib ki, layihədə Qanuna 4 yeni maddənin əlavə olunması, 18 yeni anlayışın təsbit edilməsi, eyni zamanda, 11 maddə üzrə 86 dəyişikliyin aparılması təklif olunub.
Adil Vəliyev qanun layihəsində irəli sürülən dəyişiklikləri 7 istiqamət üzrə sistemləşdirərək diqqətə çatdırıb.
Sonra komitə sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Sənədin hazırlanması prosesindən söz açan komitə sədri layihə üzərində aparılan irihəcmli işi yüksək dəyərləndirib, təklif olunan dəyişikliklərin və yeniliklərin aktuallığını vurğulayıb.
Komitə sədri səhiyyədə deputatları və vətəndaşları narahat edən bir çox məsələlərin sənəddə öz əksini tapdığını deyib. Layihənin qəbulunun dərmanların dövlət qeydiyyatının, ekspertizanın sadələşdirilməsinə səbəb olacağını deyən komitə sədri dərman vasitələrinin keyfiyyətinə nəzarət sisteminin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib. Əhliman Əmiraslanov dərmanların qiymətlərinin optimallaşdırılması, antibiotiklərin və bioloji aktiv əlavələrin apteklərdən buraxılışı kimi səhiyyənin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Qanun layihəsinin müzakirəsində komitə üzvləri Soltan Məmmədov, Məlahət İbrahimqızı, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, İlham Məmmədov, Kamilə Əliyeva, Kəmaləddin Qafarov çıxış ediblər.
Sonra səhiyyə nazirinin müavini Rasim İsmayılov deputatların qaldırdıqları məsələlərə aydın gətirib, suallarını cavablandırıb. Nazir müavini dərmanları tanınma rejiminin tətbiqi, dərman vasitələrinin dövriyyəsinə nəzarətin təmini üçün aparılacaq elektron təqib və izləmə sistemi, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi barədə məlumat verib.
Sonra qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.
Gündəliyin ikinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin birinci oxunuşda müzakirəsindən sonra sənədlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.
Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə ediblər.