PARLAMENTLƏR AZƏRBAYCAN-YUNANISTAN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA MÜHÜM VASİTƏDİR
Həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərov Yunanıstan xarici işlər nazirinin müavini A.Loverdos başda olmaqla nümayəndə heyətini qəbul etmişdir. Görüşdə dövlətlərarası münasibətlərin dinamik inkişafında qanunvericilik orqanlarının mühüm rolu müzakirə edilmişdir.
Murtuz Ələsgərov dedi ki, dünyanın ən qədim dövlətlərindən və sivilizasiya mərkəzlərindən olan Yunanıstanla əməkdaşlığın Azərbaycan üçün öncül əhəmiyyəti var. Son illər ikitərəfli münasibətlərdə yaranmış mühüm irəliləyiş iki ölkə rəhbərlərinin görüşlərinin və hökumət, parlament nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının nəticəsidir. Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun Azərbaycana qarşıdakı səfəri bu əlaqələrin qanunvericilik bazasının möhkəmlənməsində əhəmiyyətli addım olacaqdır.
Parlamentin sədri qonaqlara ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlar barədə ətraflı məlumat verdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən və ağır nəticələrindən danışdı. Murtuz Ələsgərov həmin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Yunanıstana minnətdarlığını bildirdi. O dedi ki, hazırda Avropa Birliyinə sədrlik edən Yunanıstan bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinə daha böyük diqqət yetirməlidir.
A.Loverdos Cənubi Qafqaz regionunda sülh və sabitlik yaradılmasında Avropa strukturlarının fəallığını artırmağın zəruriliyi barədə fikirlə razılaşaraq bildirdi ki, bütün münaqişələr kimi, bu münaqişə də ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.
Sonra Yunanıstan nümayəndə heyətinin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələlərindən ətraflı danışdı. O, Yunanıstan parlamentinin sədri Apostolos Kaklamanisin salamını Murtuz Ələsgərova yetirdi, bildirdi ki, bu yaxınlarda ölkəsinin qanunvericilik orqanında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmış və onun ilk iclası keçirilmişdir. A.Loverdos Yunanıstan dövləti başçısının Azərbaycana qarşıdakı səfərindən söz açaraq dedi ki, nümayəndə heyətinə çoxlu sahibkar daxildir və onlar səfər zamanı keçiriləcək biznes forumunda iştirak edəcəklər. Onun sözlərinə görə, sahibkarların başqa bir forumu isə Yunanıstan prezidentinin səfərindən sonra Afinada keçiriləcəkdir.
Qəbulda Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotias iştirak edirdi.