ELM VƏ TƏHSİL
Paytaxt məktəbində şəhidin anım mərasimi təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Paytaxtdakı 171 nömrəli tam orta məktəbdə şəhid Zaur Məmmədovun xatirəsi anılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbir ümummilli lider Heydər Əliyevin Qarabağ haqqında fikirlərinin səsləndirilməsi ilə başlayıb.
Açıq havada təşkil olunan tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin bacıları, Bakı Musiqi Akademiyasının dosenti Venera Məmmədova, Real TV-nin direktor köməkçisi Sevinc Kərimova, AMEA-nın Mikrobiologiya İnstitutunun mütəxəssisi Nisə Məmmədova, 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin şəhidlərimizə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.
Müdir müavini hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalı olduğunu söyləyib. Bu işdə təhsil müəssisələrinin mühüm rolundan bəhs edən Hüseyn Əsgərov məktəbin təkcə təhsil verən məkan deyil, eyni zamanda, şagirdləri hərtərəfli, vətənpərvər ruhda yetişdirmək vəzifəsini şərəflə daşıyan tədris ocağı olduğunu deyib.
Digər çıxış edənlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Zaur kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıblar. Şəhid Zaur Məmmədovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.