Paytaxtımız növbəti festivala hazırlaşır
Bakı, 27 may, Xaruqə Məmmədova, AZƏRTAC
Mayın 27-də “Landmark” biznes mərkəzində Bakı-Latın Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın təşkilatçılarından biri Avropa İttifaqının Azərbaycan nümayəndəliyidir.
Mətbuat konfransında festival və baş tutacaq əyləncəli proqram barədə ətraflı məlumat verilib. Bildirilib ki, bununla yanaşı latın mətbəxinin də ləziz təamları qonaqların ixtiyarına veriləcək. Festival günlərində məşhur musiqi qrupları səhnəyə çıxacaq.
Festivalın ölkəmiz üzrə icraçı direktoru Diana Hacıyeva bildirdi ki, festival çərçivəsində qonaqlar "YARAT"da ustad dərsləri keçəcəklər. Eyni zamanda, mayın 30-da və iyunun 5-də “İçərişəhər” metrosunda konsert təşkil ediləcək. Daha sonra iyunun 7, 8 və 9-da “Mambo Beach Club”da əsl latın əyləncəsi yaşanacaq.
Mətbuat konfransının sonunda latın musiqilərindən ibarət şou göstərilib.