Paytaxtımızın kitabxanaları Dövlət Bayrağı Gününə hazırlaşır
Bakı, 6 noyabr (AZƏRTAC). Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) Dövlət Bayrağı Günü münasibətilə noyabrın 7-dən 9-dək müxtəlif vaxtlarda tədbirlər keçiriləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu əlamətdar bayram münasibətilə Nəsimi rayon MKS-nin 3 nömrəli filialında “Üçrəngli bayrağım”, Nərimanov rayon MKS-nin mərkəzi kitabxanasında “Bayraq qürurumuz, and yerimiz” mövzularında sərgilər, 1 nömrəli filialında isə oxucularla “Bayraqlar içində bayrağımız var” mövzusunda söhbət aparılacaqdır.
Yasamal rayon MKS isə Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edəcəkdir.
Sabunçu rayon MKS-nin mərkəzi kitabxanasında oxucularla “Ruhumuz qədər əziz, vətən qədər müqəddəs” mövzusunda söhbət aparılacaqdır. Kitabxananın filiallarında isə “Zirvələrdə dalğalanan bayrağımız”, “Bayrağımız qürurumuzdur”, “Üçrəngli bayrağımız, əbədi dalğalan” mövzularında sərgilər və söhbətlər təşkil ediləcəkdir.
Suraxanı rayon MKS-nin mərkəzi kitabxanasında “Bayraq qürur simvoludur” mövzusunda sərgi, 4 nömrəli filialında ədəbi-bədii gecə və digər filiallarında müxtəlif sərgi və söhbətlər keçiriləcəkdir.
Binəqədi rayon MKS-nin mərkəzi kitabxanasında “Azərbaycan Respublikasının üçrəngli bayrağı” mövzusunda sərgi və söhbət, filiallarında isə sərgilər təşkil ediləcəkdir.
Dövlət Bayrağı Günü Qaradağ və Nizami rayon MKS-də sərgilərlə qeyd olunacaqdır.
Xətai rayon MKS-nin mərkəzi kitabxanasında “Vətən mənə oğul de, bayrağını qoruyum” adlı tədbir, 2 nömrəli filialında “Bayraq bizi irəli aparan simvoldur” mövzusunda “dəyirmi masa”, digər filiallarında sərgi və söhbətlər keçiriləcəkdir.
Xəzər rayon MKS-nin mərkəzi kitabxanasında “Bayrağımız baş ucalığımızdır”, filiallarında “Göylərin qoynuna ucalan bayraq”, “Bir kərə yüksələn bayraq bir daha enməz” və digər bu kimi mövzularda sərgi və söhbətlər aparılacaqdır.
Səbail rayon MKS-nin mərkəzi kitabxanasında “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda sərgi və söhbət, 4 nömrəli filialında “Mənim üçrəngli bayrağım” mövzusunda ədəbi-bədii kompozisiya, digər filiallarında Dövlət Bayrağı Gününə həsr edilmiş sərgi və söhbətlər təşkil ediləcəkdir.