Paytaxtın daha iki küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Bakı, 13 fevral, AZƏRTAC
Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik olunub. Bununla əlaqədar, kəsişmədə işıqfor işə salınıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.