ELM VƏ TƏHSİL
Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi bp şirkətindən qrant qazanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bp şirkətinə təhsilin inkişafına dəstək istiqamətində təqdim etdiyi “İnklüziv təhsil üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının inkişafı” layihəsi təxminən 50 min manat miqdarında qrant qazanıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi inklüziv təhsil infrastrukturunun və tədrisin keyfiyyətinin artırılması, inklüziv təhsil, ev təhsili, sosial iş və ailə üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edən tədris və təlim laboratoriyalarının yaradılmasıdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecində üç laboratoriya (Diaqnostika və korreksiya üzrə psixopedaqoji təlim-tədris laboratoriyası, Diaqnostika və korreksiya üzrə loqopedik təlim-tədris laboratoriyası və Müalicəvi idman üzrə təlim-tədris laboratoriyası) 54 adda 100-dən çox avadanlıq və cihazla təmin olunacaq, kollecin pedaqoji və inzibati heyəti üçün həmin laboratoriyaların düzgün idarə edilməsi üzrə təlimlər keçiriləcək.