Pedaqoji Universitetdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının ölkəmizdə ədəbiyyata yüksək qiymət verilməsinə bariz nümunələrdən biri olduğunu deyib. Qeyd edib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və ədəbi məktəb yaratmış qüdrətli şəxsiyyətdir. Yazıçının zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən obrazlar yaradıb. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin dram, nəsr və publisistik əsərləri dərin humanist məzmuna malik olub, özündə milli və bəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: həyatı, mühiti və yaradıcılığı” və professor Təyyar Salamoğlu “Qaranlıq dünya problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə böyük ədibin yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ictimai-siyasi baxışları təhlil olunub.
Professor Tahirə Məmməd və digər çıxış edənlər tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.
Tədbirdə Cəlil Məmmədquluzadə haqqında videoçarx nümayiş etdirilib, bədii proqram təqdim olunub.
X X X
Mayın 27-də ADPU ilə Ədəbiyyat İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq.
Sənəddə elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və digər məsələlər əksini tapıb.
Müqaviləni ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıblar.