Pekində 10-cu Syanşan forumu keçirilir YENİLƏNİB VİDEO
Pekin, 30 oktyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində “Ümumi təhlükəsizlik, davamlı sülh” devizi altında 10-cu Syanşan forumu keçirilir. Oktyabrın 30-da forumun açılış mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma dünyanın təxminən 100 ölkədən nazir və digər səviyyədə rəsmilər, beynəlxalq və regional təşkilatların, analitik mərkəzlərin rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər qatılıb. Azərbaycanı bu nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Açılış mərasimində çıxış edən Çin ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavini Can Yousia beynəlxalq təhlükəsizliyin qorunmasında bütün ölkələrin iştirakının vacibliyini vurğuladı, bu cür forumların dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. Forumun “Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı” mövzusunda ilk plenar iclasında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu qərb blokunun dünyanın müxtəlif regionlarında təhlükəsizlik təhdidləri yaratdığını dedi.
Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. İki gün davam edəcək builki yubiley forumunda inkişaf etməkdə olan ölkələrin qlobal təhlükəsizlikdə rolu, "Asiya-Sakit okean regionunda təhlükəsizliyin arxitekturası, regional təhlükəsizlik və inkişaf, Avropada və Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri, nüvə silahı riskləri mövzuları üzrə müzakirələr aparılacaq.
Azərbaycan nümayəndə heyətinin forum çərçivəsində ikitərəfli görüşləri, o cümlədən Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətə ziyarəti nəzərdə tutulur.
Pekin