Penitensiar Xidmətdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın - 20 Yanvar qırğınının 22-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də geniş qeyd edilmişdir.
Xalqımızın qəhrəmanlıq salnaməsinə qanla yazılmış 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar qurumun bütün təşkilatlarında geniş tədbirlər keçirilmiş, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Penitensiar Xidmətin tarix muzeyində Baş idarənin işçilərinin iştirakı ilə anım tədbiri keçirilmişdir.
Ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi Mədət Quliyev tədbirdə bildirmişdir ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri və yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır. Azərbaycanın o zamankı səbatsız, səriştəsiz rəhbərliyinin günahı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra faciəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədiləşdirilmiş, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımıza əsl dövlət qayğısı göstərilmişdir.
Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “İmperiya ilə toqquşma” sənədli filmi nümayiş etdirilmişdir.