Pərvin Piriyev: Bizim üçün güləşçilərimizin döyüşkən ruhu medaldan daha önəmlidir
Bakı, 22 iyul, AZƏRTAC
Biz bu gün hər bir idmançıdan mütləq qızıl medal gözləmirik. Bu yaş dövrü inkişaf və formalaşma mərhələsidir. Bizim üçün ən vacib olan idmançılarımızın döyüşkən ruhu, möhkəm psixologiyası, sona qədər mübarizə aparması və məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına həsr olunmuş tədbirdə deyib.
Baş katib bildirib ki, builki dünya çempionatı iştirakçı ölkələrin və idmançıların sayı baxımından son 20 ilin rekordunu yeniləyib: “Bu, dövlətimizin idmana göstərdiyi qayğının, eləcə də Azərbaycanın beynəlxalq yarışların təşkilində qazandığı yüksək nüfuzun göstəricisidir. Məhz buna görə də hər kəs Azərbaycana gəlmək, Bakını görmək və burada keçiriləcək güləş bayramının bir parçası olmaq istəyir”.
O, yarışda Azərbaycanı təmsil edəcək idmançılara səslənib: “Biz yalnız nəticəni deyil, hər birinizin psixoloji durumunu, sağlamlığını və yarışa hazırlıq vəziyyətini də düşünürük. Siz Azərbaycan güləşi ailəsinin ayrılmaz üzvlərisiniz. Doğma divarlar arasında mübarizə aparmaq həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Valideynləriniz, yaxınlarınız və dostlarınız sizi tribunadan izləyəcəklər. Bunun müəyyən psixoloji təzyiq yarada biləcəyini də anlayırıq. Məşqçilərdən xahişim odur ki, bu məsələdə idmançılarla daha yaxından işləsinlər”.
Qeyd edək ki, turnir iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.