Peter Siyarto: Macarıstan böhranlardan güclənərək çıxıb və suveren siyasətini davam etdirəcək
Budapeşt, 11 fevral, AZƏRTAC
Brüssel son illərin ard-arda gələn böhranlarına effektiv cavab verməkdə çətinlik çəkdiyi halda, Macarıstan bu sınaqlardan daha da güclənərək çıxmağı bacarıb.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün ölkənin ictimai televiziyasına verdiyi müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, istər maliyyə böhranı, istər miqrasiya dalğası, istərsə də pandemiya və müharibə şəraiti Macarıstan üçün yeni imkanlar yaradıb. Peter Siyarto vurğulayıb ki, son on il ərzində ölkədə məşğul olan insanların sayı bir milyon nəfər artıb. Bu göstərici hökumətin həyata keçirdiyi iqtisadi və sosial siyasətin effektivliyinin bariz nümunəsidir. Onun sözlərinə görə, bu gün Macarıstan vətəndaşları Avropada ən aşağı vergi yükü və ən ucuz enerji qiymətləri ilə üzləşirlər ki, bu da ailələrin rifahına və biznes mühitinin inkişafına birbaşa təsir göstərir.
Nazir, həmçinin qeyd edib ki, ölkədə investisiyalar rekord səviyyəyə çatıb, yeni zavodlar açılır və minlərlə yeni iş yeri yaradılır. Siyarto bunu Macarıstanın sabit və proqnozlaşdırıla bilən iqtisadi siyasəti ilə əlaqələndirib. Onun fikrincə, milli maraqlara əsaslanan qərarlar xarici investorlar üçün də cəlbedici mühit formalaşdırır.
Müsahibədə Macarıstanın xarici siyasət kursuna da toxunan Peter Siyarto bildirib ki, rəsmi Budapeşt bütün əsas güc mərkəzləri ilə əməkdaşlıq edə bilən, balanslı və praqmatik xarici siyasət yürüdür. O, dünyanı bloklara bölmək strategiyasının iflasa uğradığını və formalaşmaqda olan yeni dünya nizamının patriotizm və milli maraqlara əsaslandığını deyib.
Nazir qarşıdan gələn seçkilərin əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, əsas məsələ Macarıstanın suveren, milli siyasətini davam etdirib-etdirməyəcəyidir. Peter Siyartonun sözlərinə görə, seçicilər ya milli maraqları müdafiə edən siyasi kursa səs verəcək, ya da ölkə idarəçiliyinin Brüsseldən yönəldilməsinə razılıq vermiş olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt