“PetroCouncil”in rəhbəri: Qazaxıstan neftin BTC kəməri ilə nəqlini artırmaq niyyətindədir
Bakı, 2 iyun, AZƏRTAC
Qazaxıstan Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə neft nəqlinin həcmini 2025-ci ildə 1,3 milyon tondan 2026-cı ildə azı 1,6 milyon tona çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “PetroCouncil” Neft və Qaz Şurasının (Qazaxıstan) Rəyasət Heyətinin sədri Rzabek Artıqaliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Nəqliyyat dəhlizlərinin inkişafı: “Şimal-Cənub” və Orta Dəhliz” adlı panel sessiyasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, ötən il Aktau limanından Bakı-Tbilisi-Ceyhan neft kəmərinə 1,3 milyon ton Qazaxıstan nefti göndərilib.
“2026-cı il üçün plan 1,6 milyon tona çatmaq və bu rəqəmi aşmaqdır. “KazTransOil” təchizat həcmlərində sabit aylıq artımı təmin etməyə hazırdır”, - deyən R. Artıqaliyev, həmçinin Qazaxıstanın enerji təchizatını şaxələndirmək üçün alternativ ixrac marşrutlarını ardıcıl olaraq inkişaf etdirdiyini vurğulayıb. O bildirib ki, Orta Dəhliz neftin xarici bazarlara daşınmasının dayanıqlılığını və etibarlılığını təmin etmək üçün getdikcə daha vacib marşruta çevrilir.
Natiq qeyd edib ki, alternativ marşrutlar artıq ildə təxminən 2,5 milyon ton neftin nəqlini dəstəkləyir ki, bu da ixrac tədarükünün şaxələndirilməsinin praktik nümunəsidir.
“PetroCouncil”in rəhbəri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz – red.) boyunca daşımaların daha da genişləndirilməsinin Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələlər də daxil olmaqla bir sıra infrastruktur məsələlərinin həllini tələb etdiyini vurğulayıb.