PLANETLƏRARASI GƏMİ ABŞ EKOLOQLARINI HİDDƏTLƏNDİRMİŞDİR
“Nyu Horizons” zondunda “elektrik enerjisi üçün radioizotop generatoru”, yəni plutonium yanacağı ilə işləyən kompakt nüvə reaktoru var. Ekspedisiya təşkilatçılarının sözlərinə görə, kosmik aparatlar üçün ənənəvi enerji mənbəyi - günəş batareyaları ilə indiki halda kifayətlənmək olmaz, çünki vaxtın çoxunu zond Günəş sistemi perferiyasında keçirəcəkdir ki, burada da işıq axınının sıxlığı olduqca azdır.
NASA-nın məlumatına görə, reaktora 11 kiloqram dioksid plutonium milləri qoyulmuşdur. Ekoloqlar ondan ehtiyatlanırlar ki, qəza baş verərsə, bu material ABŞ-ın bir neçə ştatının ərazisi üzərinə səpələnəcəkdir. NASA və ABŞ Energetika Nazirliyinin ekspertləri isə bildirmişlər ki, plutonium qoyulmuş hermetik konteyner Yerə dəyərkən zərbəyə və ya havada partlayışa tab gətirəcəkdir. Üstəlik, qəza ehtimalı 300-ün birə nisbətindən çox deyildir.
Son 30 ildə kosmik aparatlarla bağlı bir neçə hadisə baş vermişdir. Onlardan ən dəhşətlisi SSRİ-nin “Kosmos-954” peykinin qəzaya uğraması sayılır. Peyk nüvə reaktorundan ayrıla bilməmiş və onunla birlikdə Kanada ərazisinə düşmüşdür.
NASA-nın “Nyu Horizons” zondu Plutona yanvarın 17-də uçmalıdır. 2015-ci ilin iyulunda o, həmin planetə yaxınlaşacaq, onun və peyklərinin ətrafında dövrə vuracaqdır. Güman edilir ki, sonra zondu Koyper qurşağının digər obyektlərinə yönəldəcəklər. Lakin bu barədə hələlik bir qərar qəbul olunmayıbdır.