POLİS GÜRCÜSTANIN SVANETİ BÖLGƏSİNDƏ XÜSUSİ ƏMƏLİYYAT APARIR
Bəyanatda deyilir ki, dövlətin silahlı qüvvələrinə müqavimət göstərənlər məhv ediləcəkdir. Bu, hərbi əməliyyat deyil, xüsusi polis əməliyyatıdır. Kodori dərəsi silahlı adamlardan təmizlənməli, yerli sakinlərin təhlükəsizliyi təmin olunmalıdır. Bölgədə çoxdan quldurluq edənlər qanunun tələblərinə müvafiq olaraq cəzalandırılacaqlar.
Gürcüstan Prezidenti İcra Aparatının rəhbəri Georgi Arveladze iyulun 26-da jurnalistlərə bildirmişdir ki, artıq günortadan sonraya olan məlumata görə, Daxili İşlər Nazirliyinin bölmələri Kodori dərəsinin yuxarı hissəsindəki yaşayış məntəqələrinin əksəriyyətinə nəzarət edirlər. Kodori dərəsində olan DİN başçısı Vano Merabişvili Emzar Kvitsiani ilə ratsiya vasitəsilə əlaqəyə girərək, onlara silahı yerə qoyub, təslim olmaq üçün bir neçə saat vaxt vermişdir. O qeyd etmişdir ki, jurnalistlər xüsusi əməliyyata mane olmamaq və onların təhlükəsizliyi məqsədilə oraya buraxılmayacaqlar. Buna görə də KİV nümayəndələri Mestia rayonunun Xaişi kənd yaxınlığnda dayanmışlar. Kənd Kodori dərəsinin yuxarı hissəsinin 40 kilometrliyində yerləşir.
Hadisə yerindən alınan xəbərlərə görə, əməliyyat zamanı DİN-in dörd əməkdaşı yaralanmışdır. Onlar Kodori dərəsinin 120 kilometrliyində yerləşən Zuqdidi şəhərinə xəstəxanaya aparılmışdır. E.Kvitsianinin dəstəsinin bir neçə üzvü tərksilah edilmişdir.
İlkin məlumata görə, Kvitsianiyə hadisə yerini tərk etməsi üçün dəhliz təklif olunub, lakin o, Kodori dərəsindən çıxmayıbdır.
Bəzi məlumatlara görə, iyulun 25-də axşam Kvitsianinin “Monadire” (“Ovçu”) dəstəsinin üzvləri iki polis zabitini, o cümlədən daxili işlər nazirinin müavini Levan Qvazavanı girov götürmüşlər. Lakin bu xəbərləri nə Mestia rayonundakı mənbələr, nə Gürcüstan parlamentinin nümayəndələri təsdiqləmişlər.
İyulun 26-da axşam tərəfi verilən məlumata görə, “Monadire”nin 100-dək üzvü silahı yerə qoymuşdur, onlarca yaraqlı isə meşələrdə gizlənir.