Politoloq: Fransa regiondakı eskalasiyaları bölgəyə ayaq açmaq fürsəti kimi qiymətləndirir
Bakı, 31 dekabr, AZƏRTAC
Dekabrın ortalarında “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mülki missiyanın aqibəti ilə bağlı sualları cavablandırarkən bildirdi ki, missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq. Borrel həm də onu qeyd etdi ki, Aİ Ermənistan ilə Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzunu qorumaq üçün 2023-cü ildə mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcək. Borrel fikrini belə yekunlaşdırdı: “Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq”. Son iki ay ərzində açıq mənbələrin heç birində bu missiyanın hesabatı dərc olunmayıb. Buna baxmayaraq, erməni tərəfi mülki missiyanın “səmərəliliyi”ni yüksək qiymətləndirən mesajlar verib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva söyləyib.
Politoloq bildirib: “Aİ-nin xarici siyasət idarəsinin rəhbərinin fikirlərindən aydın oldu ki, rəsmi Brüssel də missiyanın “işi”ndən “razı” qalıb. Aİ-nin Ermənistana qısamüddətli mülki missiya göndərməsi qərarı Praqada birgə görüşdə razılaşma nəticəsində həyata keçib. Mülki missiyanın təyinatı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti monitorinq etməklə paralel olaraq, delimitasiya prosesində Ermənistana yardım məqsədi daşıyırdı. Aİ-nin qısamüddətli missiyasının fəaliyyəti Azərbaycan tərəfinin razılığı ilə baş tutub. Lakin dekabrın 19-da yekunlaşmış qısamüddətli missiyanın uzunmüddətli missiyaya çevirməklə davam etdirilməsi qərarı Aİ-nin təktərəfli qaydada verdiyi qərardır və bu qərar Azərbaycanla razılaşdırılmayıb. Bunu belə izah edə bilərik ki, Azərbaycanın bu mövzuda mövqeyi Avropa İttifaqına bəlli idi və buna görə də qərar ölkəmizlə məsləhətləşmədən verilib”.
Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatlar vasitəsilə sərhəddə vəziyyəti gərginləşdirmək, bundan istifadə edərək kənar qüvvələrin mülki missiya adı altında regiona daxil olması təşəbbüslərini faydalı hesab etmir. Kənar qüvvələr, məsələn, Fransa bu eskalasiyaları regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirir. Borrelin bəyanatı həm də yeni missiyanın sərhəd nəzarəti ilə paralel, hərbi və təhlükəsizlik məsələlərində ənənəvi olaraq Rusiya ilə əməkdaşlıq edən Ermənistanın təhlükəsizlik məsələlərini də əhatə edəcəyi mesajını verir. Bu təşəbbüslər onsuz da kifayət qədər güclərin mövcud olduğu region üçün kənar maraqların təmin edilməsi məqsədilə yeni eskalasiyalara əsas verəcək təşəbbüslərdir və biz sentyabr ayından bunları izləməkdəyik. Lakin belə olan halda, Aİ-nin yekunlaşmış mülki missiyanın səlahiyyətlərini genişləndirməklə bağlı təktərəfli qaydada qərar qəbul etməsi qarşılıqlı münasibətlərdə diplomatik etimadın zədələnməsi kimi dəyərləndirilə bilər.