Polkovnik: Əlif Hacıyevin ömür yolu vətəninə xidmət etməklə keçən əsl qəhrəmanlıq nümunəsidir
Bakı, 13 iyun, AZƏRTAC
Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq. İgidliyinə görə qürur hissi keçirdiyimiz Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdir. 1953-cü ilin iyunun 24-də Xocalı şəhərində dünyaya göz açan Əlifin keçdiyi həyat və döyüş yolu ilə tanış olanda qürur duymamaq mümkün deyil. Onun həyatı vətəninə xidmət etməklə keçən əsl qəhrəmanlıq nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin anım mərasimində Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə deyib.
Bildirib ki, Əlif Xocalı təyyarə limanı xətdaxili işlər bölməsinə rəis olub. Eyni zamanda, Xocalı aeroportunun komendantı vəzifəsini yerinə yetirib. Cəsarətinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir. Bu o vaxtlar idi ki, artıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi.
Qeyd edib ki, Xocalı soyqırımından əvvəl hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu ələ keçirməyə cəhd ediblər. Məhz Əlif Hacıyevin şücaəti, idarəçiliyi ilə döyüşçülərimiz hava limanını əldən verməyiblər. 1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstəriblər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Ağır döyüşlərdə Əlif Hacıyev də düşmən gülləsinə tuş gələrək şəhid olub. Ölümündən bir neçə gün sonra Əlifin tabutu Bakıya gətirilərək Şəhidlər xiyabanında dəfn edilib.
“Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır. Əlif Hacıyev yaşasaydı, iyunun 24-də 70 yaşını qeyd edəcəkdi, ancaq şəhidlik məqamına ucalanda qəhrəmanın 39 yaşı vardı. Xalqımızın yaddaşında igidliyi, fədakarlığı ilə əbədilik qazanmış Vətən oğlu həmişə ölkəmizdə hörmət və qürur hissilə xatırlanacaq. Allah Milli Qəhrəmanımıza və bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə polkovnik bildirib.