SİYASƏT
Polşa jurnalında Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ilə bağlı məqalə dərc olunub
![Polşa jurnalında Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ilə bağlı məqalə dərc olunub](/files/2019/2/1200x630/15646721214251547511_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Polşanın ingilisdilli Yeni Şərqi Avropa jurnalında Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi ilə bağlı məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib. Mərkəzin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalə QH-nin müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətindən bəhs olunur, Azərbaycanın Hərəkata üzvlüyünün ölkəmizin xarici siyasi maraqlarına uyğun olduğu diqqətə çatdırılır.
Müəllif bildirir ki, 120 dövlətin üzv olduğu, 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi kimi qoşulduğu Qoşulmama Hərəkatı Soyuq Müharibənin gərgin dövründə - 1961-ci ildə hərbi bloklara qoşulmamaq prinsipi ilə yaradılıb. “Sovet İttifaqının süqutundan sonra bir müddət düşünülürdü ki, Hərəkat artıq öz əhəmiyyətini itirib. Lakin üzv dövlətlərin üzləşdiyi müxtəlif xarakterli (hərbi, siyasi, iqtisadi, iqlim dəyişikliyi və s.) yeni çağırışlar beynəlxalq əməkdaşlığın əhəmiyyətini artırıb və QH-ni bu əməkdaşlığın təşviq edilməsi üçün əlverişli bir platforma kimi yenidən canlandırıb”,- deyə müəllif yazır.
Vasif Hüseynov QH-nin bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək 18-ci sammitində Azərbaycanın hərəkata 3 illik sədrlik dövrünün başlamasını ölkəmiz üçün mühüm diplomatik uğur kimi səciyyələndirib.