Portuqaliyalı futbolçu: “Araz-Naxçıvan” medalçılar sırasında yer almaq gücündədir - MÜSAHİBƏ
Bakı, 21 oktyabr, AZƏRTAC
“Araz-Naxçıvan”ın portuqaliyalı futbolçusu Bernardu Diaş AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Misli Premyer Liqasının X turunda səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldiniz. Həmin matçı necə şərh edərdiniz?
- Əvvəldən oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə bir neçə yaxşı qol fürsəti yaratsaq da, təəssüf ki, dəyərləndirə bilmədik. Buna baxmayaraq, tempi qoruduq və ikinci hissədə lazım olan qolu vurduq. Düşünürəm ki, 90 dəqiqə ərzində üstün tərəf biz idik. Layiqli qələbə qazandıq.
- Qələbə sayəsində xal ehtiyatını artırdınız. Hazırda 20 xalla 3-cü pillədə qərarlaşmısınız. Mövsümün sonunda medalçılar sırasında olacağınıza inanırsınız?
- Mövsümə yaxşı başlamışıq. İlk növbədə bunu davam etdirməliyik. Komandanın medalçılar sırasında yer almaq gücü var. Oyundan-oyuna inkişaf etmək üçün çalışırıq. Topladığımız xallar mövsümün sonunda bizə kömək olacaq.
- Bəzi komandalar mövsümə yaxşı başlasalar da, bu tempi sona qədər saxlamağı bacarmırlar. “Araz-Naxçıvan" komandasında belə bir hiss varmı?
- Buna nəzarət edirik. Komanda ruhunu saxlamaq və birgə əmək sərf etmək önəmlidir. Yenə deyirəm, hər şeyi oyundan-oyuna düşünməliyik. Hər matçda meydana 3 xal üçün çıxırıq.
- “Araz-Naxçıvan”a keçidiniz barədə nə deyə bilərsiniz. Bu komandadan təklif gələndə vaxtilə Azərbaycanda oynamış portuqaliyalı futbolçulardan məsləhət aldınız?
- Mən Azərbaycana gəlmədən öncə Bakı və çempionat barədə iki həmkarımla danışmışam. Bunlar vaxtilə Portuqaliyanın "Şaviş" komandasında birgə çıxış etdiyim, hazırda isə “Qarabağ”ın uğurları üçün çalışan Olavio Juninyo və Kevin Medinadır. Eləcə də Nunu Rodrigeşlə klub haqqında söhbətim olub. Onlar mənə Azərbaycanla bağlı yalnız xoş sözlər dedilər.
- Eyni komandada oynadığınız Olavio Juninyo və Kevin Medina ilə indi rəqib olmaq necə hissdir?
- Keçmiş komanda yoldaşlarımla yenidən görüşmək həmişə xoşdur. Oyundan sonra danışırıq və xoş anları xatırlayırıq.
- Azərbaycana uyğunlaşa bilirsiniz?
- Başqa ölkəyə yeni gələn hər bir şəxs çətinlik çəkir. Çünki fərqli şəhər, mədəniyyət və mətbəxlə tanış olursan. İndi isə özümü rahat hiss edirəm.
- Bilirsiniz ki, “Araz-Naxçıvan" klubu Bakını təmsil etmir. Maraqlıdır, komanda Naxçıvana köçsə, karyeranızı yenə burada davam etdirmək istərdiniz?
- Klubun Naxçıvan şəhərini təmsil etdiyi barədə məlumatım var. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, harada oynamağımızdan asılı olmayaraq, azarkeşlər bizi dəstəkləsinlər. Komanda Naxçıvana köçsə, burada qalarsanmı? sualına gəlincə, buna rəhbərlik qərar verəcək.
- Portuqaliyada "Benfika"nın ikinci komandasında da çıxın etmisiniz. Əsas komandaya yüksəlməyinizə nə mane oldu?
- Çox çalışırdım və ümid edirdim ki, bir gün "Benfika" kimi böyük klubun əsas komandasında çıxış edəcəyəm. Təəssüf ki, qismət olmadı. Bəzi qərarlar var ki, onları futbolçu deyil, klub rəhbərliyi verir. Məyus olmuram, çünki "Araz-Naxçıvan"da çox xoşbəxtəm.
- Misli Premyer Liqasının XI turunda “Zirə" ilə qarşılaşacaqsınız. Həmin görüş barədə nə düşünürsünüz?
- "Zirə" yaxşı komandadır. Lakin biz də zəif deyilik. Rəqibi ciddi təhlil edəcəyik. Həmin matçda uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.