Portuqaliyalı qapıçı: "Qarabağ"ın yaxşı nəticə qazanmaq şansı “Braqa”dan daha çoxdur
Bakı, 14 fevral , AZƏRTAC
“Qarabağ” Azərbaycan çempionatından fərqli olaraq, avrokuboklarda daha balanslı və dominant oyun nümayiş etdirir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə”nin portuqaliyalı qapıçısı Tyaqu Silva Avropa Liqasının pley-off mərhələsində “Braqa” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyunla bağlı Portuqaliya mətbuatına açıqlamasında deyib.
23 yaşlı qolkiper bu matçda meydan sahiblərinin aşkar favorit olduğunu bildirib: “Lakin onlar oyuna peşəkar yanaşmalıdırlar. Asan görüş olacağını düşünürlərsə, yanılırlar. "Qarabağ"ın yaxşı nəticə əldə etmək şansı daha yüksəkdir. Çünki “Braqa” səfər matçı üçün uzun yol qət edəcək və Bakıya yorğun gələcək”.
O, “Qarabağ”ın oyunçularının meydanda yüksək intensivliyə öyrəşmədiyini vurğulayıb: “Düşünürəm ki, “Bayer”lə matçdakı kimi qapalı futbol oynayacaqlar. Belə olan halda “Braqa” topun istiqamətini tez-tez dəyişməli olacaq. Portuqaliyada oyunlar daha sürətli keçir. Azərbaycan çempionatında isə durum fərqlidir. Ağdam klubunun bizə, “Sabah” və “Neftçi”yə qarşı oyunları daha gərgin alınır. “Braqa” Portuqaliyanın ən yaxşı hücum xəttinə malik komandalarından biridir. “Qarabağ”ın müdafiəçiləri üçün onların qarşısını almaq çətin olacaq”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.