Praqada Anım Gününə həsr olunmuş kinopoetik gecə
Praqa, 27 sentyabr, AZƏRTAC
Praqadakı Azərbaycan Mədəniyyət Evində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kinopoetik gecə keçirilib. Bu gecə həm kino, həm də poeziyanın dili ilə Vətən sevgisinin necə uca bir duyğu olduğunu nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin nümayəndələri və diaspor üzvləri iştirak ediblər. İştirakçılar 44 günlük Vətən müharibəsinin qəhrəman şəhid və qazilərinə həsr olunmuş “Vətən aşiqləri” adlı qısametrajlı filmi izləyiblər.
Gecənin qonaqlarından biri İkinci Qarabağ müharibəsi qazisi Ceyhun Hakipur olub. O, həyatının ən unudulmaz anı – müharibənin başlandığı 27 sentyabr gününü ilə bağlı xatirələrini bölüşüb.
Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim qeyd edib ki, kökü fars dilinə bağlı olan “Hakipuri” soyadı tərcümədə “Vətən aşiqi” deməkdir. Bu da Ceyhun bəyin taleyi ilə onun adının mənası arasında dərin bir bağlılıq yaradır.
Leyla Begim həmçinin 44 günlük müharibənin ağrılarından doğan əsərlərindən danışıb. Onlardan “27 sentyabr” adlı şeir anaların duası kimi səslənib.
Azərbaycan Mədəniyyət Evində tamaşaçılara təqdim olunan Heyran Mustafa- zadənin “Rişələr” adlı sərgisi də diqqət mərkəzində olub. Rəssam gecədə sərginin əsas əsəri – İkinci Qarabağ müharibəsinin təsiri altında yaratdığı “Müharibə”nin yaranma tarixindən danışıb.
Tərlan Soltanlı Elvin Elxanoğlunun “Qarabağ artıq azaddır” şeirini oxuyaraq tədbirin ruhuna poeziyanın gücünü əlavə edib. Ardınca “ Land of Fire” cəmiyyətin rəhbəri Fərid Əmirəliyev uşaqlara həsr olunmuş “Anım günü” mövzusunda keçiriləcək rəsm müsabiqəsi barədə məlumat verib. Bildirilib ki, bu müsabiqə “Land of Fire” təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Evində təşkil olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa