Prezident İlham Əliyev: Biz Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk
Bakı, 18 dekabr, AZƏRTAC
Biz Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində söyləyib.
Azərbaycanın nəqliyyat infrastrukturunun imkanlarından danışan dövlətimizin başçısı buna misal olaraq ölkəmizdə çoxsaylı beynəlxalq hava limanlarını, dəmir yolu sistemini, müasir magistral yolları qeyd edib.
“Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı bu sırada Xəzər dənizində ən böyük ticarət limanının açılışını, gəmiqayırma zavodunun tikintisini də qeyd edib.