PREZİDENT İLHAM ƏLİYEV RESPUBLİKA XƏSTƏXANASINDA KOMPÜTER TOMOQRAFİYASI KABİNETİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşan tibb işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə, mehribanlıqla qarşıladılar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, burada yaradılmış müasir şəraitlə tanış oldu.
Yaponiyanın “Şimadzu” şirkətinin istehsalı olan avadanlıq respublikamızın rəhbəri tərəfindən xəstəxanaya hədiyyə edilmişdir və ən mürəkkəb xəstəliklərə düzgün diaqnoz qoymağa imkan verəcək, müayinə üçün xarici ölkələrə getməyə ehtiyac qalmayacaqdır. Burada xəstələrə pulsuz xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev açılış mərasimindən sonra tibb işçiləri ilə görüşüb söhbət etdi, onların qayğıları ilə maraqlandı.
Səhiyyə işçiləri, ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq dedilər ki, xalqımızın dahi oğlunun xidmətlərini heç zaman unutmayacaqlar. Eyni zamanda, bu müdrik şəxsiyyətin uzaqgörən daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın xoşbəxt gələcəyi üçün səylərini əsirgəməyəcəklər. Tibb işçiləri xəstəxanaya hədiyyə olunmuş avadanlığa görə minnətdarlıq etdilər, dövlətimizin başçısına xoş arzularını çatdırdılar.
Azərbaycan Prezidenti səmimi sözlərə görə təşəkkürünü bildirdi, muxtar respublika sakinlərinin sağlamlığının qorunması sahəsində bundan sonra da lazımi tədbirlərin görüləcəyini vurğuladı.