“PREZİDENT KUBOKU” REQATASINA HAZIRLIQLAR DAVAM EDİR
Martın 26-da Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Təlim Kompleksində start götürəcək “Prezident Kuboku” reqatası ilə əlaqədar Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) toplantısı keçirilmişdir.
AMAF-dan AZƏRTAC-a bildirmişlər ki, ilk dəfə keçiriləcək yarışda dörd ölkənin 18 və 23 yaşadək yığma komandaları iştirak edəcəkdir.
Akademik avarçəkmə, baydarka və kanoe növlərində təşkil olunacaq reqataya Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan və İran yığmaları da qatılacaqlar.
Turnirin ilk iki günü ərzində akademik avarçəkənlər mübarizə aparacaqlar. Martın 29-30-da isə baydarka və kanoeçilər qüvvələrini sınayacaqlar. Hər bir növ və yaş kateqoriyası üzrə yarışın qaliblərinə kuboklar, diplomlar və qiymətli hədiyyələr veriləcək.
AMAF-ın prezidenti Elçin Zeynalov “Prezident Kuboku” reqatasını ənənəvi keçirmək, gələcəkdə bu turniri Beynəlxalq Avarçəkmə Federasiyası və Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi təqvim-planına salmaq istədiklərini açıqlamışdır. O, həmçinin ilk yarışı izləyənlər arasında İCF-in prezidenti Ulrix Feldhoffun da olacağını bildirmişdir. Belə ki, martın 28-də Azərbaycana səfərə gələcək U.Feldhoff ölkəmizdə üç gün olacaqdır.
Qeyd edək ki, artıq Rusiyanın akademik avarçəkmə üzrə yeniyetmə və böyüklərdən ibarət komandaları fevralın 16-dan Mingəçevirdə təlim-məşq toplantısındadır.