Professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının birinci hissəsi çapdan çıxıb
Bakı, 19 noyabr, AZƏRTAC
Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının birinci hissəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, müəllifin anası Züleyxa xanımın əziz xatirəsinə ithaf etdiyi əsərdə XX əsrin 50-60-cı illərində Azərbaycanda gedən ictimai-siyasi proseslər kontekstində bir ailənin düşdüyü böhranlı həyat tərzi bütün reallıqları ilə əks olunub. Xəyanət nəticəsində ailə başçısını itirən Ana məcburiyyət üzündən ucqar kənddə yaşamalı olur, iki azyaşlı övladını böyütmək üçün hər cür əzab-əziyyətə dözərək onları layiqli vətəndaş görmək istəsə də, hər addımda müəyyən problemlərlə qarşılaşır, bütün qüvvəsini səfərbər edir... Ata həsrətlə dünyasını dəyişir, həsrətin o üzündə isə qoyub getdiyi iki övladı və onların anası durur. Həsrətin o üzü amansız və sərtdir. Əslində isə bu bir modern dastandır.
Roman iki hissə - birinci dörd, ikinci isə üç bölmədən ibarət yeddi fəsildə yekunlaşır. “Xəyanətin üzü qara”, “Dağlar qoynunda, qoynunda”, “Kiçik neft şəhərində”, “Bir yay gecəsi”, “Hər gecənin bir gündüzü”, “Ömrün şirin illəri” və “İmtahan sınaq olmadı” kimi bədii-fəlsəfi fəsillərin elə adları əsərin məzmunu haqqında təsəvvür yaradır.
Kitaba filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə “Həsrətin o üzündə qalan illər” adlı “Ön söz” yazıb. Əsəri sənədli-publisistik, avtobioqrafik roman adlandıran alim yazır: “Romanın əsas qəhrəmanlarından İrac Muradın atası, Məmməd Əliyevin öz atasıdır. Müəllif qəhrəmanına real atasının adını verib... İnsan belə yaşı artdıqca xatirələrdə uşaqlıqda yarımçıq qalmış, baş tutmamış arzularının ardınca gedir, onları axtarır, bəzən tapır, bəzən itirir, geri qayıdır. Bu cəhət, bu duyğu əsərdə çox güclüdür, ona görə ki, Muradın duyğuları uşaq səmimiyyəti ilə sevinc və kədərə dolur, atalı-analı o ecazkar, romantik aləmə qayıda bilir... Murad XX əsrin 50-ci illərində meydana gəlmiş Azərbaycan gəncliyinin münəvvər obrazıdır. Müəllif Muradın (ailəsinin, kəndinin) taleyi fonunda mürəkkəb və ziddiyyətli XX əsrin ikinci yarısında Azərbaycanda - neft Bakısında baş verən tarixi prosesləri xüsusi həssaslıqla qələmə almışdır. “Həsrətin o üzü” bizim hamımızın - 50-ci illərdə dünyaya gələn uşaqların tale romanıdır. Ona görə də bizə doğmadır”.
Kitab filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Həsrətin o üzü” romanının problematikası, janr xüsusiyyətləri, bədii obrazlar və dili haqqında “Son söz əvəzi” ilə bitir.
Qeyd edək ki, “Həsrətin o üzü” romanı müəllifin ilk irihəcmli bədii əsəridir.