#prokurorluqlasualcavab adlı sessiya zamanı daxil olmuş vətəndaş müraciəti təmin edilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 18-də Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab sessiyası (#prokurorluqlasualcavab) keçirilərkən Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müəyyən edilib ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılaraq, 2021-ci il martın 1-də cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.
Həmin qərar 2021-ci il iyunun 25-də ləğv edilərək toplanmış material rayon prokurorluğunun icraatına qəbul olunub.
Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.