“Qaliblər düşərgəsi”nin dördüncü günündə uşaqların sağlamlığı ilə bağlı mühüm tədbirlər görülüb
Bakı, 9 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan və maraqlı proqramlarla zəngin “Qaliblər düşərgəsi”nin dördüncü günündə uşaqların sağlamlığı ilə bağlı mühüm tədbirlər görülüb.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgə iştirakçıları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkim briqadası tərəfindən USM, qanın ümumi analizi və sair üzrə müayinədən keçiblər. Məqsəd uşaqların sağlamlığını daim nəzarətdə saxlamaqdır. Bu istiqamətdə tədbirlər düşərgə boyu davam etdiriləcək.
Günün ikinci yarısında Eltac Cəbiyev tərəfindən “Müasir elmi nailiyyətlər bizi hara aparır?”, Məlahət Kazibekovanın təqdimatında “Öz gələcəyimi necə qurmalıyam?” mövzularında təlimlər keçirilib. Nərmin İsmayılova isə iştirakçıların ingilis dilini inkişaf etdirmələri üçün dərslər tədris edib.
Sonra düşərgə iştirakçıları "DanceAbility”, kapoeyra dərslərində və viktorinalarda iştirak ediblər.
İştirakçılar, həmçinin gününün qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə də görüşüblər. Onlar bu dəfə də qonağa maraqlı suallar ünvanlayıblar. Nazir hər bir şəhid övladının dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Sahil Babayev düşərgə iştirakçıları ilə birgə çay süfrəsində söhbətlərini davam etdirib, onların qayğıları ilə maraqlanıb.
Sonda uşaqların istəyi ilə Xalq artisti Faiq Ağayevin konserti təşkil olunub. Onunla birgə müğənni Sevda Yəhyayeva və “Türkvision” müsabiqəsinin qalibi Fərid Həsənov çıxış edərək uşaqlarda xoş təəssürat yaradıblar.