Qanlı Yanvar faciəsi qurbanlarının nurlu xatirəsi Azərbaycanın Rusiyadakı səfirliyində ehtiramla yad edilmişdir
Moskva, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş matəm mərasimi keçirilmişdir. Tədbirin iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə tər çiçəklər qoymuşlar. Foyedə Yanvar faciəsini əks etdirən fotostend və günahsız qurbanların soyadlarının siyahısı önünə də tər çiçəklər qoymuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu matəm mərasimini açaraq 22 il əvvəl baş vermiş hadisələri qısaca xatırladaraq vurğulamışdır ki, bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. Səfir xüsusi qeyd etmişdir ki, ölkə rəhbərliyi hər il dövlət səviyyəsində qeyd edilən bu hadisəyə böyük əhəmiyyət verir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi özbaşınalıqlar və informasiya blokadasının qırılması ilə əlaqədar çətinliklər barədə söhbət açaraq vurğulamışdır ki, bu faciə Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur.
Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli hərəkəti, onun bu faciəyə siyasi qiymət verməsi və o hadisənin dərk edilməsində ulu öndərin əvəzedilməz rolu barədə ətraflı məlumat vermişdir. O demişdir: “Görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya elan etdi ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş repressiyadır. Heydər Əliyev bu fakta siyasi qiymət vermiş yeganə siyasətçi oldu”. Diplomat xüsusi vurğulamışdır ki, keçmiş ittifaqın bütün xalqları arasında azadlığı və müstəqilliyi ən tez başa gəlmiş xalq azərbaycanlılar olmuşdur.
Polad Bülbüloğlu bir sıra xarici dövlətlərin səfirlərinə və diplomatik missiyaların rəhbərlərinə bu tədbirdə iştirak etmələrinə və bu məsələdə bizi dəstəkləmələrinə görə təşəkkür etmişdir. O, Qazaxıstanın Rusiyadakı səfirindən böyük yazıçı və mərd insan, o ağır günlərdə Bakıya gəlmiş və Azərbaycan xalqı ilə bir yerdə olmuş Oljas Süleymenova Azərbaycan xalqının təşəkkürünü çatdırmasını xahiş etmişdir.
Sonra Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Moskvanın Azərbaycan ictimaiyyətinin protest aksiyalarının iştirakçısı, “Ocaq” Mədəniyyət Cəmiyyətinin sədri professor Tofiq Məlikli tədbir iştirakçılarının diqqətini Azərbaycan xalqının ədalətli mövqeyinə və Azərbaycan xalqının tarixində bu faciəyə ədalətli mənəvi və hüquqi qiymət verilməsi zərurətinə cəlb etmişdir.
Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Qırğızıstan, Slovakiya, Anqolanın səfirləri, Latviya, Belarus, Türkmənistan, Qana və Zambiyanın müvəqqəti işlər vəkilləri və bu ölkələrin səfirliklərinin nümayəndələri, habelə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, ÜAK, RAGT və Rusiya ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Sonra səfirlik ehsan vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva