Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Berlində də anılmışdır
Berlin, 19 yanvar (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş “Qalaya dönən vətən” adlı anma mərasimi keçirilmişdir.
Ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin qonağı Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor və rəssam, “Qala” filminin yaradıcısı Şamil Nəcəfzadə olmuşdur.
AAƏM-in icraçı direktoru Samira Patzer-İsmailova vurğulamışdır ki, 20 Yanvar hadisələri həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirilir. O qanlı gecədə düşmən gülləsinə tuş gələn Vətən övladları öz ölümsüzlükləri ilə şəhidlik zirvəsinə ucalmışlar.
Azərbaycan səfirliyinin əməkdaşı Fikrət Axundov 20 Yanvar gününün Azərbaycan xalqının xatirəsində “Qara Yanvar” kimi qaldığını qeyd etmişdir. O, 1990-cı il yanvarın 20-də qətlə yetirilən insanların xatirəsi qarşısında hər bir azərbaycanlının baş əydiyini bildirmişdir.
“Qala” filminin rejissoru Ş.Nəcəfzadə ekran əsərinin məzmunu haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, o, əsasən “reallığın incəsənətdə təsviri və əksinə” ideyasından çıxış edərək bu filmi çəkməyə qərar vermişdir. Bir çox beynəlxalq kinofestivallarda nümayiş etdirilən “Qala” filmi bizim yaşadığımız tarixlə bağlıdır, amma, eyni zamanda, bu hansısa konkret bir dövrə aid deyil. Rejissor bildirmişdir ki, filmin bədii forması rəvayət, hekayə janrına yaxın olduğuna görə, burada birbaşa konkret məkan, zaman, faktlar verilmir.
İngilis dilində subtitrlərlə müşayiət olunan “Qala” filminin nümayişindən sonra ekran əsəri ətrafında fikir mübadiləsi aparılmış, rejissor Ş.Nəcəfzadə qonaqların suallarını cavablandırmışdır.
Bundan əlavə, Ş.Nəcəfzadə Azərbaycanda kino mədəniyyəti və ənənəsi, hazırda mövcud olan kino məktəbi haqqında məlumat vermişdir. Kino sənayesinin Azərbaycanda inkişafından danışan rejissor bu sahədə dövlətin və Heydər Əliyev adına Mədəniyyət Fondunun dəstəyini xüsusi vurğulamışdır.
İştirakçılara AAƏM tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə dair xüsusi məlumatlandırıcı vərəqələr paylanmışdır.
Tədbirdə AAƏM-in digər əməkdaşları, alman ictimaiyyətinin və incəsənət nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, tələbə və doktorantlar iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin