Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Çində də anılmışdır
Pekin, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Türkiyənin, ABŞ-ın, Qazaxıstanın, Ukraynanın, Gürcüstanın, Belarusun, Tacikistanın, Macarıstanın Pekindəki səfirliklərinin təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov mərasimdə çıxış edərək demişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Düz 22 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 22 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Diplomat demişdir ki, bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Sonrakı illərdə 20 Yanvar faciəsini törədənlər, bu qanlı cinayətin baş verməsində günahkar olanlar cəzalandırılmamış, hadisəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Mərasimdə çıxış edən Gürcüstanın ÇXR-dəki səfiri Mamuka Qamkrelidze, Qazaxıstanın bu ölkədəki səfirliyinin müşavir-elçisi Bağdad Seyidbattalov və digərləri vurğulamışlar ki, keçmiş sovet hərb maşınının Azərbaycanda, eləcə də Tbilisidə, Almatıda və digər şəhərlərdə törətdiyi qanlı cinayətlər mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu hadisələr müstəqillik uğrunda mübarizəyə qalxmış xalqların iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi.
Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin