Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Yekaterinburqda tədbir keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı Yekaterinburqda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə burada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycanın Sverdlovsk vilayətindəki diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov faciənin tarixi barədə məlumat vermiş, Bakıda törədilmiş qanlı qırğının sovet imperiyasının xalqımızın azadlıq arzusunu boğmaq üçün həyata keçirdiyi qəddar terror aktı olduğunu bildirmişdir. O, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində siyasi bəyanatla çıxış edərək, bu hadisənin sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi cinayət adlandırdığını diqqətə çatdırmışdır.
Sverdlovsk vilayəti qubernatorunun müşaviri Vadim Dubiçev bildirmişdir ki, 20 Yanvar və eləcə də keçmiş Sovet İttifaqında baş vermiş digər faciələrlə bağlı insanlar az məlumatlandırılmışlar. O, faciənin günahkarlarının istintaqa cəlb olunmasının vacibliyini vurğulamışdır.
Sverdlovsk vilayəti İctimai Palatasının sədri Stanislav Naboçenko, Belarus səfirliyinin Yekaterinburqdakı nümayəndəsi Viktor Polyanin və başqa çıxış edənlər baş verən faciəni keçmiş SSRİ rəhbərliyinin səriştəsizliyi və qəddarlığı kimi qiymətləndirmişlər.
Mərasimin sonunda Yekaterinburq Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya təqdim edilmişdir.