Qanunsuz ov halları ilə mübarizə məqsədilə son iki gündə keçirilmiş reydlərin nəticələri açıqlanıb
Noyabrın 11-12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı Qusar rayonunun Nəcəfkənd kəndi ərazisində qanunsuz ov edən kənd sakini Edik Ağaverdiyev saxlanılıb. Ondan 1 ov tüfəngi, 2 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Qəbələ rayonunun Əmirvan kəndi ərazisində isə ov edən naməlum şəxsdən 1 ov tüfəngi, 3 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.
Mahmudçala ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Masallı rayon sakinləri Ramil Mirzəyev, Kamil Məmmədov və Pərviz Əsgərovdan 3 ov tüfəngi və 72 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokollar tərtib edilərək, hər biri 1000 manat məbləğində cərimə olunub.
İmişli rayon Qaradonlu kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən kənd sakini Mirzəli Rəhimov saxlanılaraq ondan 1 ov tüfəngi və 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib edilərək qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Şamaxı rayonu Kərkəng kəndi ərazisində ov edən Şamaxı rayonKarxan kənd sakinləri Nizami İsayev və Orxan İsayev saxlanılaraq onlardan 2 ov tüfəngi və 4 patron götürülüb. Hər iki fakt üzrə qanunamüvafiq qaydada akt və protokollar tərtib edilərək, qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Hirkan Milli Parkının əməkdaşları tərəfindən Parkın ərazisində ov edən naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 10 patron götürülərək qanunamüfaviq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.
Eyni zamanda, reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Hacıqabul rayonunun Padarçöl ərazisində Padar kənd sakini Ələddin Ağayev adı “Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 bəzgək quşunu satarkən saxlanılıb və barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub. Faktla bağlı qanun pozucusuna 910 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
Reydlər davam etdirilir.