Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Filarmoniyada çıxış edib
Bakı, 3 noyabr, AZƏRTAC
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında J.S.Bachın “Çakona” (işləyəni Ü.Məmmədov), V.Lutoslavskinin xalq melodiyaları (Bakıda ilk ifa), P.İ.Çaykovskinin “Qardələn”, “Payız mahnısı”, J.Sukun Simlilər üçün serenada əsərləri səslənib.
Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Orkestr bir çox xarici dirijorlar ilə çıxış edib. 2007-ci ildə dünyada Azərbaycan klassik musiqisinin təbliğinə görə orkestr “Humay” milli mükafatına layiq görülüb.