“QARABAĞ: FAKTLAR VƏ NƏTİCƏLƏR” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Mətin Mirzə, forumun prezidenti Əli Sarıqaya, baş katibi Elşad İsgəndərov, Milli Məclisin deputatı Fuad Muradov və başqaları İslam Konfransı Təşkilatında üzv-qurum statusuna malik forum barədə məlumat vermişlər. Natiqlər 2004-cü ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşəbbüsü ilə Bakıda təsis edilmiş qurumun İKT ölkələrində fəaliyyət göstərən 35 aparıcı qeyri-hökumət gənclər təşkilatını özündə birləşdirdiyini qeyd etmiş, “İKT ölkələrində münaqişələr və humanitar faciələr” seriyası ilə kitabların nəşr olunmasının qərara alındığını və təqdimatı keçirilən “Qarabağ: faktlar və nəticələr” kitabının bu seriyadan ilk kitab olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, istər islam, istərsə də qeyri-islam ölkələrində həm ictimai, həm də hökumət səviyyəsində bu münaqişəyə indiyədək az diqqət yetirilmiş, bəzən münaqişənin tarixi və siyasi mahiyyətinə səthi, bəzən isə qeyri-düzgün yanaşılmışdır. İlk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi ilə bağlı ərəb dilində nəşr olunan bu kitab həmin boşluqları doldurmağa yönəldilmişdir.
Kitabda Qarabağın tarixi, onun əzəli Azərbaycan torpağı olması ilə bağlı faktlar müfəssəl şəkildə verilmiş, arxiv materiallarından istifadə edilməklə münaqişənin tarixi və siyasi səbəbləri açıqlanmış, erməni terrorunun faciəli nəticələri və mahiyyəti statistik məlumatlarla göstərilmiş, həmçinin problemin həlli ilə bağlı beynəlxalq təşkilatların və dövlətlərin fəaliyyəti öz əksini tapmışdır. Kitab İKT üzvü olan ölkələrin xarici işlər nazirlərinin paytaxtımızda keçirilən sessiyasının iştirakçılarına paylanmışdır.
Sonda jurnalistlərin suallarına cavab verilmişdir.