“Qarabağ: mülahizələr və düşüncələr” - yeni nəşr
Bakı, 30 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabı nəşr edilib. Elmi şuranın rəyi əsasında çap olunmuş kitabın elmi redaktoru institutun baş direktoru, coğrafıya elmləri doktoru Zakir Eminovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin son illərdə dövrü mətbuatda və internet saytlarında Qarabağa dair dərc olunmuş publisistik və elmi-publisistik yazıları toplanıb. R.Fətəliyevin oxuculara təqdim etdiyi bu növbəti kitabda 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və inkişaf perspektivləri haqqında müəllifin düşüncə və təklifləri, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr və s. haqqında maraqlı yazıları təqdim edilir. Kitabda, həmçinin R.Fətəliyevin yaxşı tanıdığı, əslən Qarabağdan olan dəyərli insanlar haqqında xatirələri yer alır.