“Qarabağa sülh, sevgi və ümid” adlı ümumdünya xeyriyyə konserti keçirilib
Vaşinqton, 24 may, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan əsilli mədəniyyət xadimlərinin və Azərbaycanın dostlarının iştirakı ilə “Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ uğrunda” Həmrəylik Cəmiyyətinin təşkil etdiyi iki fərqli proqramdan ibarət bu konsert canlı efirdə www.forkarabakh.com saytından və feysbuk sosial şəbəkəsinin “For Karabakh” səhifəsindən yayımlanıb.
İzləyicilər tərəfindən böyük maraq və həyəcanla qarşılanan konsert ABŞ, İsrail, Böyük Britaniya, Skandinaviya ölkələri, qardaş Türkiyə, Oman Sultanlığı, Azərbaycan və bir sıra digər ölkələrdən olan musiqiçilərin iştirakı ilə reallaşıb. Onların arasında latviyalı Leilalinin, Riçardas Lapaitisin, Dase Strausun, Britaniyadan Luis Doddsun, Elçin Şirinovun, Səbinə Rakçeyevanın, Nəzrin Rəşidovanın, Fransadan Etibar Əsədlinin, Səidə Zülfüqarovanın, Renara Axundovanın, Almaniyadan Elnarə İsmaylovanın, Boris Bloxun, İsraildən Mixail Salmanın, Dina Tumarkinanın, Türkiyədən Mithat Körlerin, Elgün Guliyevin, Norveçdən Qalib Həsən Məmmədovun, Skruk xorunun, Amerikadan Han Beylinin, Nərgiz Əliyarovanın, Emil və Leyla Əfrasiyabın, Ruslan Ağababayevin, “Mənim yolum” (My Way) rəqs qrupu və bir çoxlarının çıxışları yaddaqalan olub. Amerikalı iştirakçılar arasında, mərhum pianoçu, Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova və dahi Müslüm Maqomayevin qızı Marina Maqomayeva da olub.
Layihənin məqsədi yığılan ianələr vasitəsilə Qarabağ müharibəsi nəticəsində travma almış əsgərlərə, depressiyaya məruz qalmış insanlara yardım göstərməkdir. Konsertdən yığılan ianələr “For Azerbaijan” xeyriyyə təşkilatı vasitəsilə öz ünvanlarına çatdırılacaq. “For Azerbaijan” xeyriyyə təşkilatı dünyanın qabaqcıl universitetlərində təhsil almış, bir çox aparıcı texnologiya və maliyyə şirkətlərində, beynəlxalq təşkilatlarda uğurlu karyera qurmuş 50-yə yaxın peşəkar azərbaycanlının birgə təşəbbüsü ilə ərsəyə gəlib. Təşkilat qısa müddətdə qurulmasına baxmayaraq, Azərbaycanda digər xeyriyyə və rəsmi tərəfdaşlarla birlikdə bir çox sosial layihəni, o cümlədən hərbi münaqişədən zərər çəkmiş şəxslərə, onların ailələrinə psixoloji reabilitasiyanın təmin edilməsi və maddi dəstəyin göstərilməsi, şəhid və qazi övladlarının təhsil imkanlarının genişləndirilməsi, istedadlı gənclərimizin peşəkar hazırlığının dəstəklənməsi kimi bir sıra layihələri uğurla reallaşdırıb.
Layihənin həyata keçirilməsi ideyası hələ 2020-ci ilin noyabr ayında yaranıb. Azərbaycanın Qələbəsilə nəticələnən İkinci Qarabağ müharibəsindən təsirlənən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları “Qarabağ uğrunda” həmrəylik cəmiyyətini yaratdılar. Bu təşəbbüsü irəli sürən, proqramın bədii rəhbəri, uzun illər Amerikada yaşayan Cəmilə Cavadova-Spitzberq sənət dostlarını bir yerə toplayaraq, həmkarları ilə bərabər proqramın üzərində uzun müddət çalışıb.
Proqramın həyata keçirilməsinə ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən təşkilatlar da qoşulub. Layihənin maliyyələşdirilməsini ABŞ-da fəaliyyət göstərən “Azərbaycan-Amerika Tibb Assosiasiyası” (Azerbaijan-American Medical Association) və “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (US Azerbaijanis Network, USAN) öz üzərinə götürüb. “Azərbaycan-Amerika Tibb Assosiasiyası” ABŞ-da və dünyada azərbaycanlı və amerikalı həkimləri bira araya gətirən təşkilatdır. “ABŞ Azərbaycanlıları Şəbəkəsi” 2007-ci ildə təsis olunmuş ilk ümumamerika miqyaslı layihədir. Təşkilatın əsas istiqamətlərindən biri ABŞ-da yaşayan Azərbaycan əsilli seçicilərin siyasi maarifləndirilməsi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək edilməsi, Azərbaycanın enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində ABŞ üçün əhəmiyyəti, ölkədəki bütün etnik azlıqlara tolerant münasibət barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır.
Proqramın həyata keçirilməsinə rəhbərlik edən TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə olub. Həmçinin layihənin uğurla baş tutmasında Meyn ştatının Azərbaycan Cəmiyyəti, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzi, Amerika Azərbaycan Cəmiyyətləri Konqresi, Britaniya-Azərbaycan Cəmiyyəti, İsrail-Azərbaycan Beynəlxalq Birliyi (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyası və onların rəhbərləri- Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman və Aytən Muradova əvəzsiz rol oynayıblar. Proqramın bədii şura üzvləri - Zümrüd Dadaşzadənin, Nigar Axundovanın, Günel Rzayevanın, Cahangir Novruzovun, Aysel Rəcəblinin, İslam Manafovun əməyini xüsusi qeyd etmək lazımdır.
İanələri bu səhifə vasitəsilə etmək olar: https://forazerbaijan.org/pfk/
AZƏRTAC-ın Vaşinqton Bürosu