Qarabağda Vardanyanın cinayət əməllərini davam etdirməsinə imkan verilməyəcək
Bakı, 29 dekabr, AZƏRTAC
Hazırda Laçın yolunda ardıcıl şəkildə humanitar keçidin fəaliyyətdə olması ermənilərin iddialarının əksinə olaraq bu yolun bağlanmadığını aydın göstərir. Artıq ağır xəstə olan bir neçə erməni də təcili yardım maşınları ilə bu yoldan keçərək Ermənistana aparılıb.
Sözügedən ərazidə aksiya keçirən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin və ekofəalların bir məqsədi var o da Azərbaycana məxsus sərvətlərin qeyri-qanuni istismar olunmasının qarşısını almaq və əraziyə baxışın keçirilməsini təmin etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, prosesin təhlili göstərir ki, Vardanyan ermənilərin yaşadığı və sülhməramlıların nəzarətində olduğu ərazidə total nəzarət tətbiq etməklə, Qarabağda yaşayan ermənilərə təzyiq göstərməyə çalışır.
“Cinayətkar Vardanyanın əsas məqsədi beynəlxalq ictimaiyyəti aldadaraq vəziyyətin fəlakət həddində olduğu görüntüsü yaratmaq və bununla da Azərbaycanı təxribata sürükləməkdir. Öz məqsədlərini reallaşdırmaq üçün Vardanyan mülki əhalinin hərəkətinə imkan vermir, hətta xəstələrin belə ərazini tərk etməsinə ciddi-cəhdlə mane olur. Bu bir daha Vardanyanın hansı məqsədlə və təlimatlarla bölgəyə gəldiyini göstərir. Amma o, buna nail ola bilməyəcək.
Eyni zamanda, Vardanyan Qarabağ ermənilərini mitinq və aksiyalara məcbur edərək 20 min əhalinin fəlakət həddinə gəlib çatdığı görüntüsü yaratmağa cəhd edir. Amma o da bəllidir ki, hazırda həmin ərazidə yaşayanların sayı bu rəqəmdən dəfələrlə aşağıdır. Bu da onun növbəti saxtakarlığı kimi qiymətləndirilməlidir”, - deyə C.Məmmədov qeyd edib.
Deputat bildirib ki, Qarabağda yaşayan erməni əhali Vardanyanın tətbiq etdiyi sərt nəzarətdən və təxribatlardan ciddi narazıdır. Artıq insanlar Vardanyanın idarəçiliyini qəbul etmədiklərini açıq dilə gətirirlər və vəziyyətin sabitləşməsi üçün çıxış yolunu onun getməsində görürlər.
C.Məmmədovun sözlərinə görə, Qarabağ erməniləri yaxşı başa düşürlər ki, iş adamı və çirkli biznesdə adı dəfələrlə hallanan Vardanyanın əsas məqsədi daha da varlanmaq, öz imkanlarını genişləndirməkdir. O, Qarabağda yaşayan ermənilərin əsas gəlir sahələrini də öz nəzarətinə keçirir. Bir sözlə, geniş miqyasda talançılıq işləri ilə məşğul olur.
Vardanyanın Qarabağ ermənilərinin tələbini nəzərə alaraq bölgəni tərk etməli olduğunu bildirən Ceyhun Məmmədov deyib: “Erməni iş adamı həm də bilməlidir ki, Azərbaycan onun burada cinayət əməllərini davam etdirməsinə imkan verməyəcək. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir”.